Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
iç səhifə xəbər şəkil altı (mobil)_32

Mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax sessiyada iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar.

Qarşılanma mərasimindən sonra birgə foto çəkdirilib.

Sonra BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən hazırlanmış, WUF13-ün açılışına həsr olunmuş videoçarx nümayiş etdirilib və mədəni proqram təqdim olunub.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Zati-aliləri, xanımlar və cənablar, əziz qonaqlar.

Əvvəlcə mən Ümumdünya Şəhərsalma Forumunun bütün iştirakçılarını Bakıda salamlamaq və Foruma uğurlar arzulamaq istərdim. Biz yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq. Bu səhər mənə verilən məlumata görə, 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bununla belə, bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Düşünürəm ki, Bakıda bu günlər ərzində, ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və şəhərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazanacaqlar.

Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub. Bu, həmçinin ölkəmizin memarlığında əks olunub. Beləliklə, əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz - vaxtilə üç kilometr olmuş Bakı Bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkandır.

Daha sonra isə Avropa memarları tərəfindən layihələndirilmiş və tikilmiş XIX əsrə aid binalar var. Bir sözlə, Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir.

Bu il mənim Sərəncamıma əsasən “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Mən bu tədbirin təşkilinə verilən dəstəyə, əməkdaşlığa və Forumun 13-cü Sessiyasına ev sahibliyi etmək üçün bu cür çox məsuliyyətli vəzifənin bizə həvalə edildiyinə görə təşəkkürümü bildirmək istəyirəm. 2022-ci ildən etibarən biz BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş şəhərlərdə – Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumlarını keçirmişik.

Bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər. Mən onlardan bəzilərini qeyd edəcəyəm. Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə - Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur. Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin, dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər. Demək olar ki, 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib.

Bizim əcdadlarımız tərəfindən tikilənlər təkcə mənim qeyd etdiyim abidələr deyil. Əlbəttə ki, VI əsrə aid Qız qalası ilə Bakı, işğala, dağıntılara və talana məruz qalan abidələr müxtəlif nəsillərə aid azərbaycanlılar tərəfindən yenidən tikilib və bərpa olunub, eyni zamanda, qorunaraq bu günədək saxlanılıb. Qeyd etdiyim bütün bu abidələri hər kəs ziyarət edərək görə bilər, onların içərisinə daxil olaraq onlara toxuna bilər. Hesab edirəm ki, bu, bizim tarixi irsimizə, mirasımıza münasibətimizin ən yaxşı göstəricisidir. Biz bununla fəxr edirik. Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq. Bizim vəzifəmiz bunları növbəti nəsillər üçün qoruyub saxlamaqdır və mən əminəm ki, növbəti nəsil də eyni cür edəcək.

Bu gün xüsusilə paytaxt şəhərlərində şəhər inkişafına olan bu zərurəti tam anlayışla qəbul edərək cəsarətli və ehtiyatlı olmalıyıq. Mən bunu bəzən Bakıdakı Formula 1 yarışı ilə müqayisə edirəm. Yeri gəlmişkən, Bakı Qran-Prisi şəhər halqasında keçirilən çox azsaylı yarışlardandır. Ən sürətli əsas yolda sürət saatda 300 kilometrdən çox olur, sonra isə pilotlar əyləcə basaraq bolidlərini eni yeddi metr olan küçəyə sığışdırmalıdırlar və bunu da qədim qala divarlarından bir metr məsafədə etməlidirlər. Beləliklə, pilotlar liderlər, qərar qəbul edənlər və inkişaf gündəliyini irəli aparanlar kimi cəsur və ehtiyatlı olmalıdırlar. Biz inkişafda, insanlarımız üçün daha yaxşı şəraitin yaradılmasında, müasirləşmədə cəsur olmalıyıq. Lakin eyni zamanda, tarixi irsimizin qorunmasına gəldikdə, çox ehtiyatlı olmalıyıq.

İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır.

Beləliklə, hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır. Mən, əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub.

Yalnız dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli olaraq, məhz torpağın yiyələri bu cür davranırlar. Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və onların məşğulluğu hökumətimizin ən mühüm hədəflərindən biridir.

Bununla belə, onlar üçün mənzillər və fərdi evlər, məktəb və xəstəxanalar tikmək üçün, əlbəttə, biz minalardan təmizlənməni aparmalı idik, lakin eyni zamanda, biz məşğulluq haqqında düşünməliyik. Həmin sahələrdə artıq salınmış və salınacaq çoxsaylı sənaye zonaları öz torpağında yaşamaq kimi fundamental hüququndan məhrum olmuş yüz minlərlə insanın sürətli qayıdışına birmənalı dəstək olacaq.

Bakı haqqında danışsaq, bir neçə əlavə məsələni də qeyd edim. Biz ətraf mühit sahəsində çox işləri görməli olduq. Bakı hələ 1846-cı ildə dünyada ilk dəfə neft hasil etmiş şəhər olub və sonra 180 il ərzində demək olar ki, bütün illərdə ətraf mühitin qorunmasına sıfır dərəcə riayət edilib. Beləliklə, Bakı çox çirklənib və Bakının Qara şəhər, Bibiheybət və Böyükşor kimi bəzi hissələrini qeyd etsəm, ola bilsin, əcnəbilər üçün bu, bir məna kəsb etmir. Lakin əgər vaxt tapıb həmin yerləri ziyarət etsəniz, bəzi videomateriallara və ya şəkillərə baxsanız, onların 20 il öncə və indi necə göründüyünü başa düşərsiniz və Bakıda ətraf mühitə uyğun məkanın yaradılması üçün görülmüş işləri təsəvvür edərsiniz. Çox çirklənmiş Qara şəhər əvəzinə bu gün şəhərsalmanın nümunəsi olan Ağ şəhəri görə bilərsiniz. Yeri gəlmişkən, o, çirkləndiyinə görə Qara şəhər adlanırdı. Bu, şəhər daxilində bir şəhər idi. Şəhərsalmanın digər təzahürü “Sea Breeze” istirahət məkanıdır və mən müsafirlərimizə, xüsusən də soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm.

Onlardan bəzilərinin burada zalda əyləşdiyini görürəm və bu müasir şəhərsalmanın digər misalını gedib görmək olar. Son 20 il ərzində biz Bakıda 100 park və ictimai yer, bağlar yaratmışıq. Onların 19-u tam yenilənib. İctimai nəqliyyata, mikromobilliyə, metro və elektrik enerjisi ilə işləyən müasir avtobuslara sürətli çıxışı olan və ətraf mühitə uyğun şəhərlər paytaxt və nəinki paytaxt üçün, bütöv konsepsiyanın tərkib hissələri kimi icra olunur.

Söylədiyim kimi, Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir. Birmənalı olaraq, bu cür mühüm toplantı və BMT-dən olan dostlarımızın, səfərə gələn çoxsaylı qonaqların ekspert bacarıqları bizə daha çox öyrənmək, bir-birimizdən əldə etmək, müsbət təcrübə ilə tanışlıq üçün və həmçinin səhvlərimiz haqqında danışmaqda yardımçı olacaq. Şəhərsalma prosesində çox səhvlər olub və düşünürəm ki, həmin dövr artıq keçmişdə qaldı. Mən vaxtınızı çox almaq istəmirəm.

Mən, həmçinin Bakının bələdçisi kimi danışa bilərəm, lakin düşünürəm ki, sizin üçün onları öz gözünüzlə görsəniz daha yaxşı olar. Mən Bakıda bütün qonaqlara xoş səfər arzu edirəm, Ümumdünya Şəhərsalma Forumuna uğurlar diləyirəm. Sağ olun.

İş elanları AzVak.az-da

18.05.2026 20:27
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19